Bullinq nədir?

Xanım Sadıqova

Amerika kimi bir çox ölkənin mühüm problemlərindən biri bullinqdir. Hələ yeniyetmə yaşlarda başlayan bu xaricedici hərəkətlər gündəlik həyatımızda o qədər əhatə edir ki bizi, etdiyimiz zarafatların da qəlbi necə incidə biləcəyini, ruhu təhqir edə biləcəyini görə bilmirik. Bullinqin, təxminən, hər yerdə, hər mühitdə hökm sürdüyünü gündəlik həyatın axarında görə bilmirik, və yaxud da görmək istəmirik.

UNİCEF-ə görə görə bullinq (ing. “bullying”) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Başqalarına təsir etmək üçün iş yerində və ya məktəb mühitində tətbiq edilən bullinq, zorbalıqdır. Hədəf alınan “qurbanlar” cinsiyyət, dil, irq, din və başqa mövzularda təsirə məruz qalırlar. Bullinq məktəbdə zorbalıq və iş yerində də həmyaşıdların istismarı olaraq adlandırıla bilər. Bullinq — iş yerində, dini qurumlarda, əsgərlikdə, akademik qurumlarda, uşaq evlərində, yaşlılar evində, kiberməkanlarda və əlil şəxslərin yaşam mühitlərində tez-tez ortaya çıxa bilməkdədir.

Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.

Kiberzorakılıq (“Cyberbullying”) – Kiberzorakılıq mobil telefonlar, kompüterlər, planşetlər kimi rəqəmsal qurğular üzərində baş verir. Kiberzorakılıq SMS, mətn və tətbiqlər vasitəsilə və ya onlayn olaraq sosial mediada, forumlarda və ya insanların məzmunu görə bildikləri, iştirak etdikləri və ya paylaşdıqları oyunlarda baş verə bilər. Kiberzorakılıq, başqası haqqında mənfi, zərərli, yalan və ya orta məzmunun göndərilməsini və ya paylaşılmasını əhatə edir.

Statistika müasir dövrümüzdə bu növ zorakılığın daha çox artdığını göstərir. Sosial şəbəkələr və mesajlar vasitəsilə insanları alçaltmaq, qorxutmaq, hesablarının sındırılması kiberzorakılığa aid edilir. Biz gündəlik həyatımızda, xüsusilə də məhşur şəxslərin bu problemlə üzləşdiyi məqamlarla çox rastlaşırıq. Belə ki, insanlar səbəbsizcə paylaşımlarına xoşagəlməz, təhqiredici ifadələr yazır, hətta ailəsinə, dostlarına ağlasığmaz sözlər ünvanlayırlar. Bəzən çoxu bu ifadələrin cavabsız qalacağını düşünərək, əyləncə olsun deyə etsələr də, artıq bunun üçün məsuliyyətə cəlb oluna bilirlər. Belə ki, bəzi kiberzorakılıqlar xətti qanunsuz və ya cinayətkar davranışa keçir. Son bir neçə həftədə Azərbaycanda gündəmi zəbt edən “Son dəqiqə” adlı instaqram səhifəsi də kiberzorakılıq üçün əslində ən yaxşı nümunələrdən biridir. İnsanların şəxsiyyətlərinə toxunaraq, alçaldıcı ifadələr qeyd edərək, insanların şəkillərini paylaşırdı. Hər nə qədər əngəl olunsa da, yenidən və yenidən səhifə açılmağa başladı. Bunun da səbəbi insanların da bu zorakılığa “əlbir” olub, onu izləməsi və edilən təhqirlərə baxıb gülmələridir. Əslində, o zaman o zorakılığı təkcə edən o səhifənin qurucusu deyil, eyni zamanda onu izləyən istifadəçilərdədir. Bu, zorakılığın bir parçasıdır!

Faktlar:

1. 2017-ci il məktəb cinayətləri əlavəsi (Milli Təhsil Statistikası Mərkəzi və Ədalət Bürosu), məktəb ilində məktəbdə təhqir edildiyini bildirən 12-18 yaş arası şagirdlərin 15 %-nin onlayn və ya mətnlə təhqir edildiyini göstərir.

2. 2017-ci il Gənclərin Risk Davranış Nəzarəti Sistemi (Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri), orta məktəb şagirdlərinin təxminən 14,9 %-nin sorğuya qədərki 12 ayda elektron şəkildə zorakılığa məruz qaldığını göstərir.

Fiziki zorakılıq (“Physical bullying”) – Bu, bütün cəmiyyətlərin ən ciddi problemidir. Yalnız “qurbana” deyil, eyni zamanda digər şəxslərə də təsir göstərir. Fiziki bullinqə vurmaq, itələmək, qəsdən toxunmaq, tüpürmək, şəxslərin əşyalarının oğurlanması və s. daxildir. Bu cür zorakılıqda hər hansısa şəxsin bədəni və ya əmlakı ziyan görür. Oğurlamaq, itələmək, vurmaq, döyüşmək və əmlaka ziyan vurmaq fiziki zorakılığın növlərindəndir. Nadir hallarda fiziki zorakılıq şəxsin qarşılaşdığı ilk zorakılıq forması olur. Çünki zorakılıq bir çox hallarda digər formalarda başlayır və fiziki zorakılığa doğru inkişaf edir. Fiziki zorakılıq zamanı zorakılıq edən şəxsin əsas hədəfi qarşı tərəfin bədənidir. Bu hallar daha çox yeniyetmə əhatələrdə hər hansısa şəxsin kənarlaşdırılması zamanı baş verir … Bu, tez bir zamanda bir şəxsin məsxərəyə salındığı, işgəncəyə məruz qaldığı və döyüldüyü vəziyyətə çevrilir. Fiziki zorakılıq tez bir müddətdə artır və sonda böyük zərərlə nəticələnə bilər. Buna görə də, zorakılıq peyda olduğu halda digər şəxslər tərəfindən dayandırılmalıdır.

Şifahi zorakılıq (“Verbal bullying”) – Şifahi zorakılıq anlayışı, bir insanın həmyaşıdları üzərində güc qazanmaq üçün şifahi dildən istifadə etməsidir (məsələn, təhqir, lağ etmək və s.).

Şifahi zorakılıq çox zərər verə bilər və zərərçəkmişə uzunmüddətli psixoloji təsir göstərilə bilər.

Şifahi zorakılığın təsirləri nələrdir?

Bu zorakılıq növündə gücə malik olan yeganə şey sözlərdir. Fiziki zorakılığın təsirləri əvvəlcə daha aydın görünə bilərsə də, şifahi zərbə daha məkrlidir və uzun müddət uşağın özünü, imicini və özünə hörmətini məhv etməyə çalışır. Bu, depressiyaya, narahatlığa və digər problemlərə səbəb ola bilər. Həddindən artıq hallarda bir neçə gəncin intihar hadisəsi sinif yoldaşının və ya həmyaşıdlarının uzun müddət şifahi zorakılıq olunması ilə əlaqələndirilmişdir. Şifahi zorakılıq valideynlər, müəllimlər və məktəb rəhbərləri tərəfindən ciddi şəkildə qarşılanmalıdır.

Sosial zorakılıq (“Social bullying”) – Şəxsin hər hansısa qrupdan kənarlaşdırılması, sinifdən təcrid edilməsi, ona qarşı qruplaşma yaratmaq zorakılığın sosial növünə daxildir. Buraya daxildir:

Yalan, saxta şayiələr və dedi-qodular yaymaq, başqalarını da eyni şeyə həvəsləndirmək, başqalarını kiməsə qarşı çıxmağa təşviq etmək, birini daim kənarda qoyub, başqalarını da eyni şeyi etməyə həvəsləndirmək. Birinin sosial nüfuzuna və ya sosial qəbuluna xələl gətirmək, alçaldıcı ləqəblərdən istifadə etmək və s.

Psixoloji zorakılıq (“Psychological bullying”) – Psixoloji zorakılıq hər cür qəsdən və məqsədyönlü şəkildə insanlara qarşı yönəlmiş zehni istismar kimi təyin edilə bilər. Bəzən insanlar emosional olaraq zərər verən bir şeyə görə təhqir edildiklərini hiss edə bilərlər, lakin ümumiyyətlə, yalnız məqsədyönlü şəkildə həyata keçirildiyi təqdirdə zorakılıq kimi qiymətləndirilə bilər, xüsusilə zərərli niyyətlə olduğu təqdirdə. İnsanlarda başqalarını təhqir etmək üçün bir çox səbəb var, o cümlədən şəxsi mənfəət, intiqam və özünəinam problemləri. Psixoloji təcavüzə dözənlər, istismar baş verdikdən sonra uzun illər davam edə biləcək emosional problemlərlə üzləşirlər. Psixoloji zorakılıq zamanı ən çox istifadə olunan taktikalardan biri də insanlara şəxsən hücum etməkdir. Belə ki, insanlardakı zəifliklər və ya fiziki qüsurlar barədə zarafat edə bilirlər. Bu çox vaxt gülünc vəziyyətə salmaq üçün və ya öz həmyaşıdlarının gözü qarşısında utandırmaq üçün başqa insanların yanında edilir. Uşaqlar, ümumiyyətlə, həm fiziki, həm də psixoloji zorakılıq problemləri ilə daha çox üz-üzə qalırlar. Yetkinlər arasında fiziki zorakılıq hələ də baş verir, lakin psixoloji tip, ümumiyyətlə, daha çox olur. Fiziki və zehni zorakılıq tez-tez əl-ələ verir. Əslində, fiziki zorakılığı, demək olar ki, bir növ psixoloji təzyiq kimi görmək olar, çünki bu da travmatik psixoloji təsir göstərir. Ümumiyyətlə ikisini bir-birindən ayıran məqam budur ki, fiziki zorakılıq, demək olar ki, həmişə zehni bir komponenti özündə cəmləşdirsə də, psixoloji zorakılıq heç bir fiziki komponent olmadan baş verə bilər və bir çox hallarda belə olur.

Bullinq intihara necə sövq edir?

Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullinq və intihar arasında əlaqənin çoxluğu ortaya çıxır. Valideynlər, müəllimlər və şagirdlər zorakılığın zərəverici olduğunu öyrənməli, intihar riski olan uşaqlara kömək etməlidirlər.

Bullinqin təsiri nəticəsində baş verən intihar hadisələri ilə bağlı statistika:

● CDC-dən (xəstəliklərin idarə edilməsi və qarşısının alınması üçün mərkəzlərdən) əldə edilən nəticələrə görə, intihar gənclərin ölüm səbəbləri arasında 3-cü yer tutur. İl ərzində təxminən 4.400 nəfər.

● Məktəb şagirdlərinin 14 %-dən çoxu intihar haqqında düşünür. Təxminən 7 %-i isə buna cəhd edir.

● Yel Universiteti tərəfindən aparılan araşdırmalara görə, bullinqə məruz qalan insanların intihar etmə ehtimalı digər şəxslərə nəzərən 2-9 dəfə çoxdur.

● İngiltərədəki tədqiqatlar göstərir ki, gənclər arasında baş vermiş intiharların ən azı yarısının bullinqlə əlaqəsi var.

● Yuxarıda qeyd etdiyimiz araşdırmaya görə, 10-14 yaş arası qız uşaqlarının intihar riski daha yüksəkdir.

● “ABC News”un bildirdiyi statistikalara görə, şagirdlərin təxminən 30 %-i bullinqə məruz qalır. Hər gün 160.000 uşaq bullinq qorxusuna görə məktəbə getmir.

Bullinqin verdiyi zərərləri ən yaxşı nümunə şəklində “13 Reasons Why” serialında görə bilərsiniz.

https://www.instagram.com/p/B3pXV5-hyzt/?igshid=1kd98pqhead55 Linkə toxunaraq qısa video çarxa baxa bilərsiniz!

Mənbələr :

1. stopbullying.com/bullying/what-is-bullying

2. Stopbullying.com/cyberbullying/what-is-it

3. bildirchin.az/bullinq-nedir-intihara-nece-sovq-edir/

4. aktuelpsikoloji.com/bullying-zorbaligi-nedir-1122h.htm

5. ekranella.com/ozel/olmek-icin-13-sebep

6. antibullyingsoftware.com/what-is-the-definition-of-verbal-bullying/

7. bullying.co.uk/advice-for-young-people/social-bullying/

8. pearldavies.com/post/2016-1-22-what-is-psychological-bullying

Yorum bırakın